Gürcüstanda güclü külək və dolu nəticəsində 10-dan çox kənd işıqsız qalıb
Tbilisi, 18 iyul, AZƏRTAC
Güclü külək, leysan yağışları və dolu Gürcüstanın Kaxeti bölgəsində üzüm bağlarına ciddi ziyan vurub. Dolu Kvareli bölgəsində yetişən və dünyada məşhur olan Kindzmarauli üzüm bağlarında məhsulun 90 faizini məhv edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə həmsərhəd olan Laqodexidə, eləcə də Kvarelidə dəymiş ziyanın həcmi hesablanır. Bəzi məlumatlara görə, ziyanın məbləği 100 milyon laridən (66 milyon manat) çoxdur.
Bölgədə təkcə üzümçülük təsərrüfatları deyil, digər əkin sahələrində və meyvə bağlarında da məhsulun 80 faizi məhv olub. Güclü külək Laqodexinin 60-dan çox kəndində evlərin damını dağıdıb. Elektrik dirəklərinin aşması və ya zədələnməsi nəticəsində 10-dan çox kənd işıqsız qalıb. Bəzi avtomobil yollarında, o cümlədən Azərbaycan istiqamətində beynəlxalq magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi