Gürcüstanda Qafqazın seysmik riski müzakirə edilib
Bakı, 29 iyun, AZƏRTAC
Gürcüstanın Borjomi şəhərində “Qafqaz regionunun seysmik riski” mövzusunda seminar keçirilib. Seminarda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Beynəlxalq Seysmotomoqrafiya Laboratoriyasının və zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent S.Kazımova, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin mühəndisləri M.Babayeva və L.Məmmədova iştirak ediblər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar seysmik riskin öyrənilməsi ilə bağlı “SWFT”, “SeysmoSignal”, “QGis” proqramları və onların iş prinsipinin təqdim edilməsinə həsr olunub.
Tədbirə, həmçinin Kanadanın Geologiya Xidmətinin əməkdaşı, Viktoriya Universitetinin professoru Tuna Onur, ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının əməkdaşları - professor Rengin Gök və professor Andrea Çiang, Gürcüstan Seysmoloji Mərkəzinin direktoru, professor Tea Qodoladze də qatılıblar.