AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, keçən ilin dekabrında oğurlanmış “Birləşmiş Gürcüstan bankı” idarə heyəti sədrinin müavini Tamaz Mağlakelidze yanvarın 11-də səhər girovluqdan azad edilmişdir. Əməliyyatı Gürcüstan Daxili İşlər və Təhlükəsizlik nazirlikləri birgə keçirmişlər. Daxili işlər naziri Giorgi Baramidze bildirmişdir ki, 36 gün yüksək dağ meşəliyində ağlasığmaz şəraitdə saxlanılan girov artıq öz evindədir. Əməliyyatdan bir neçə gün öncə üç nəfər şübhəli şəxs yaxalanmış, elə Tamaz Mağlakelidzenin yerini də onlar göstərmişlər. Yaxalananlardan biri hərbi general, əvvəl müdafiə nazirinin müavini, sonra da sabiq hərbləşmiş “Mxedrioni” qruplaşmasının üzvü olan Georgi Vaşakidzedir. İkinci cinayətkar da “Mxedrioni”nin” üzvü, əvvəllər 5 dəfə mühakimə olunmuş Eldar Qoqiberaşvili, üçüncü isə heç yerdə işləməyən Beniamin Saneblidzedir.
Təhlükəsizlik naziri Valeri Xaburdzaniya onlardan birinin – general-leytenant Georgi Vaşakidzenin son illər Rusiya Hərbi Akademiyasında təhsil aldığını və Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu açıqlamışdır. O, generalın İnterpol tərəfindən axtarılan keçmiş təhlükəsizlik naziri, sabiq prezident Eduard Şevardnadzeyə sui-qəsddə təqsirli bilinən İqor Georqadze ilə əlaqədə olduğunu da istisna etməmişdir.