Hamlet İsaxanlı: Biz tələbə mərkəzli universitet modeli yaratdıq
Bakı, 27 fevral, Xatirə Cəfərova, foto İlqar Cəfərov, AZƏRTAC
Xəzər Universiteti digər Azərbaycan universitetlərindən bir sıra cəhətlərinə görə fərqlənir. Deyə bilərəm ki, başlanğıcdan əsas məqsədimiz Azərbaycandakı universitetlərin mövcud çatışmazlıqlarını aradan qaldırmaq olub. Sovet dövründə Avropa və Amerika ölkələrinin universitetlərində olmuşam, orada tətbiq olunan qabaqcıl modelləri müşahidə etmişəm. Qərara aldıq ki, həmin uğurlu təcrübələri Xəzər Universitetinə gətirək və burada tətbiq edək. Biz tələbə mərkəzli universitet modeli yaratdıq. Universitetin canı, mərkəzi tələbədir. Müəllim tələbəyə qulluq edir, tələbənin marağı, seçimi və istəyi nəzərə alınmalıdır. Tələbə öz seçimlərini etməlidir — məsələn, bəzi fənləri oxuyacağını özü seçə bilməlidir. Bu yanaşma tələbəni fəal və məsuliyyətli edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məlumat verib.
Müsahibimiz əlavə edib ki, ingilis dili də universitetin mərkəzində dayanır. Xəzər Universiteti Azərbaycanda ilk ingilis dilində təhsil verən universitetdir. İngilis dili sayəsində tələbələr xarici professorların mühazirələrini dinləyə bilir və beynəlxalq standartlara uyğun bilik əldə edirlər. Bu, tələbəyə xaricdə təhsil imkanları da açır. Bundan əlavə, universitetimizdə dərsliklər və tədris materialları məşhur Qərb universitetlərində istifadə olunan ingilis dilli kitablara əsaslanır. Bu yanaşma tələbələri həm akademik, həm də qlobal səviyyədə hazırlayır.
“Xəzər Universitetində azad və demokratik mühit formalaşdırılıb. Tələbələr müəllimlərlə rahat danışa bilir, öz fikirlərini ifadə edə bilirlər. Universitet tələbələrin ideyalarına qulaq asır, yaxşı təklifləri dəstəkləyir. Hər semestr anonim sorğular keçirilir, tələbələr və müəllimlər arasında qarşılıqlı qiymətləndirmə aparılır.
Elmi tədqiqatlar universitetimizin prioritetlərindəndir. Xarici universitetlərdən müəllimlər dəvət olunur, elmi fəaliyyət yüksək səviyyədə aparılır. Xarici tələbələr də Xəzər Universitetinə cəlb olunur və beynəlxalq təcrübə əldə edirlər. Bütün bu cəhətlər — tələbə mərkəzli təhsil, ingilis dili, azad və demokratik mühit, elmi tədqiqat və beynəlxalq əlaqələr — Xəzər Universitetini digər universitetlərdən fərqləndirir və onu Azərbaycanın aparıcı universitetlərindən birinə çevirir”, - deyə professor qeyd edib.