Havaların kəskin dəyişməsi mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur
Bakı, 17 yanvar, AZƏRTAC
Havaların kəskin dəyişməsi mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur. Bu dövrdə mədə xorası, öd daşı, kron xəstəliyi mədə-bağırsaq xəstəlikləri arasında çox yayılır və üstünlük təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-terapevti Afət Zeynalova deyib. Onun sözlərinə görə, qrip virusunun çoxalması səbəbi ilə bağırsaq xəstəlikləri daha kəskin şəkildə özünü göstərir: “Bu xəstəliklər özünü gəyirmə, mədə qıcqırması, ishal, bəzi vaxtlarda isə qanlı ishalın olması ilə müşahidə edilir. İlk növbədə, bu simptomlu xəstələr həkimə müraciət etməli, diaqnozu dəqiqləşdirilməlidir. Qanın ümumi analizi, rentgen, ultrasəs, endoskopiya və bir neçə müayinənin nəticələrindən asılı olaraq xəstəyə müalicə yazılmalıdır”.
Mədə-bağırsaq xəstəliklərinin digər bir səbəbinin də qış aylarında qidalanmanın pozulması ilə bağlı olduğunu bildirən A.Zeynalova allergiyaların da payız, qış aylarında artmasını istisna etmir: “Qış aylarında ət və ət məhsullarının çox istifadə edilməsi, yağlı qidaların çox yeyilməsi, alkoqollu içkilərin digər aylara nisbətən çox qəbulu mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb olur. Həmçinin payız, qış aylarında allergik xəstəliklər də özünü göstərir. Misal olaraq mədə-bağırsaq, autoimmun kron xəstəlikləri daha intensiv şəkildə üzə çıxır”.