Helsinki Universitetinin azərbaycanlı tələbəsi: Dövlət Proqramının qalibi olmaq böyük prestijdir
Bakı, 26 avqust, Xatirə Cəfərova, AZƏRTAC
Gələcəyimi indidən detallı planlaşdırmağı sevmirəm, amma bir məqamı vurğulamaq istərdim ki, gələcəkdə Azərbaycanın dünya ölkələri arasında layiqli yerini tutmasında mən də əlimdən gələni edəcəyəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi Leyla Abbaslı deyib.
“Danimarka və Finlandiya universitetlərinə qəbul olmuşdum. Seçimim isə Finlandiya oldu. Dövlət Proqramı çərçivəsində Finlandiyanın Helsinki Universitetinin Ətraf mühit və təbii sərvətlər iqtisadiyyatı fakültəsində magistr təhsili almağı planlaşdırıram. Seçdiyim ixtisas üzrə Helsinki Universitetinin apardığı tədqiqatlara nəzər saldıqdan sonra bu qərara gəldim”, - deyə o bildirib.

Leyla qeyd edib ki, Dövlət Proqramı ölkəmizin inkişafı üçün böyük rol oynayır. Gənclərimizə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almağa, dünya standartlarına uyğun bilik və bacarıqlara yiyələnməyə şərait yaradır. Bundan əlavə, gənclərimiz üçün Dövlət Proqramının qalibi olmaq xaricdə təhsil şansından əlavə, həm də böyük prestijdir.
Leyla Abbaslı 2002-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə 60 saylı məktəbə qəbul olub. 2017-ci ildə akademik Zərifə Əliyeva adına liseyə qəbul olub. Liseyi fərqlənmə ilə bitirdikdən sonra 628 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olub.
