SİYASƏT
Həmyerlimiz ABŞ-ın Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvü seçilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru Adil Bağırov ABŞ-ın Ohayo ştatının Deyton şəhərində fəaliyyət göstərən Dövlət Məktəbləri Təhsil Şurasının növbəti dördillik müddətə üzvü seçilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 5-də yekunlaşan səsvermədə Adil Bağırov 6728 səs çoxluğu ilə qalib gəlmişdir.
Deyton Dövlət Məktəbləri Təhsil Şurası 1831-ci ildən fəaliyyət göstərir. Şuraya ilk seçkilər 1855-ci ildə keçirilmişdir. Şura yeddi üzvdən ibarətdir və hər dörd ildən bir yeni üzvlər seçilir. Şuranın yaradılmasında məqsəd ictimaiyyət nümayəndələrinin və vətəndaşların təhsil prosesində fəal iştirakının təmin olunmasıdır. Hazırda burada 15313 tələbə təhsil alır.