Həmyerlimiz Murmansk vilayəti İctimai Palatasının üzvü seçilmişdir
Bakı, 15 fevral (AZƏRTAC). Murmansk vilayət Dumasının iclasında deputatlar regional ictimai birliklərin dörd nümayəndəsini əlavə olaraq Murmansk vilayəti İctimai Palatasının tərkibinə seçmişlər. Onlar həmyerlimiz Afil Hüseynov (“Ümumrusiya Azərbaycanlıları Konqresi” (ÜAK) ictimai təşkilatının Murmansk vilayət bölməsi), Lyudmila Armyaninova (Murmansk vilayətindəki “Murman təqaüdçüləri” ictimai təşkilatı), Yuliya Veliçko (“Murmansk vilayət həmkarlar təşkilatlarının şurası” həmkarlar ittifaqları təşkilatları birliyi) və Boris İşşenkodur (“Həyatın və mənəvi-əxlaqi dəyərlərin müdafiəsində” Murmansk regional ictimai təşkilatı).
ÜAK-ın Murmansk vilayət bölməsinin sədri Afil Hüseynov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Şimal donanmasında hərbi xidmətini başa vurduqdan sonra Sevastopolda təhsil almağa göndərilmişdir.
O, Murmanska praporşik rütbəsində qayıtmış və orada qalmışdır. Həmyerlimiz hüquq və iqtisadiyyat üzrə təhsil almışdır, biznes sahəsində çalışır. ÜAK-ın Murmansk vilayət bölməsinin yarandığı vaxtdan A.Hüseynov Azərbaycan diasporunun həyatında fəal iştirak edir.
Vilayətdə yüzdən çox millətin nümayəndəsi yaşayır. Vilayətin rəhbərliyi buradakı ən böyük diaspor təşkilatlarından biri olan Azərbaycan diasporunun bu diyarın iqtisadi və sosial inkişafına töhfəsini yüksək qiymətləndirir.