Hərbi hissələrdə andiçmə mərasimi keçirilib
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrində təşkil edilmiş mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib və Dövlət himni ifa olunub.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Mərasimdə çıxış edən zabitlər, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər. Əsgərlər də öz növbəsində hərbi anda son nəfəsədək sadiq qalacaqlarını bildiriblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.