Hərbi münaqişələr və digər gərginliklər vətəndaşsızlıq probleminin daha da dərinləşməsinə səbəb olur
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə birgə Bakıda vətəndaşsızlıq məsələlərinə həsr olunmuş regional konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi növbəti il yekunlaşacaq onillik “#Aidəm” kampaniyası çərçivəsində əldə olunan nailiyyətlərə və çətinliklərə nəzər salmaq, o cümlədən 2019-cu ilin oktyabrında keçirilən BMT QAK-ın İcraiyyə Komitəsinin iclası çərçivəsində baş tutan vətəndaşsızlıq üzrə yüksək səviyyəli seqmentdə elan edilmiş vədlərin icrası ilə bağlı nəticələri bölüşmək üçün platforma yaratmaqdır.
Konfrans BMT QAK və Azərbaycan rəsmiləri, hakimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, eləcə də Gürcüstan, Moldova, Türkiyə və Qazaxıstandan olan dövlət rəsmilərini bir araya gətirib.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1988-ci ildən başlayaraq Ermənistan tərəfindən etnik təmizləmə siyasəti nəticəsində 250 mindən çox azərbaycanlının vətəndaşlıq hüquqlarının kobud şəkildə pozulduğunu diqqətə çatdırıb. Xidmət rəisinin sözlərinə görə, son 15 il ərzində ölkəmizdə 2 mindən çox vətəndaşsızlıq vəziyyətində olan şəxs Azərbaycan vətəndaşlığını əldə edib. Həmçinin 6 mindən çox şəxsin mənsubiyyəti tanınıb.
BMT QAK-ın Azərbaycan üzrə nümayəndəsi Bik Lum 2024-cü ilədək qlobal miqyasda vətəndaşsızlıq hallarına son qoyulacağının vəd edildiyini bildirib. O xatırladıb ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2014-cü ilin noyabrında başladığı "IBelong" kampaniyası zamanı mühüm nəticələr əldə olunub və həmin dövrdə onlar 2024-cü ilədək qlobal miqyasda vətəndaşsızlıq hallarına son qoymağı vəd ediblər: “Bu, iddialı arzudur, çünki bir çox səbəblərdən vətəndaşsızlığı olan şəxslərin sayı artmaqda davam edir. Buna baxmayaraq, vətəndaşsızlıq problemi diqqətimizdədir və, tunelin sonunda işıq var”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, insanların kütləvi məcburi yerdəyişməsi, qaçqın və məcburi köçkün problemi Azərbaycandan da yan keçməyib. 1905-ci il, 1918-1920-ci illər, 1948-1953-cü illərdə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin salınıb, 1988-1993-cü illərdə isə Ermənistanın növbəti silahlı təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız doğma yurdlarından zorla çıxarılıb və 30 ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşayıb. Artıq 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən Ombudsman təsisatı qaçqınların, məcburi köçkünlərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların dəstəklənməsi, müvafiq beynəlxalq sənədlərin müddəalarının implementasiyası sahəsində intensiv fəaliyyətini davam etdirir. Ombudsmanın ünvanına daxil olmuş müraciətlər əsasında belə şəxslərin etibarlı sənədlərlə təmin edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir”.
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin sözlərinə görə, 2022-ci ildə və 2023-cü ilin 6 ayı ərzində vətəndaşlığı olmayan şəxslər tərəfindən şəxsiyyət vəsiqəsi əldə etmək üçün Daxili İşlər Nazirliyinə 11 nəfər müraciət edib.
Nazir müavini bildirib ki, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin sayı azalmaqda davam edir: “Ümid edirəm ki, səylərimiz nəticəsində gələn ilin sonunadək yekun hədəfə çatılacaq, respublikamızda vətəndaşsızlığa son qoyulacaq”.
Tədbir zamanı vətəndaşlığın və ya vətəndaşlığı təsdiq edən sənədlərin olmaması səbəbindən fundamental insan hüquqlarına və xidmətlərə çatmaqda ortaya çıxan müxtəlif maneələr müzakirə olunub, eləcə də vətəndaşsızlığın qarşısının alınması və həllinin sosial rifaha və dinc birgə yaşayışa faydasına dair fikir mübadiləsi aparılıb.