Hesabat ilində AMEA Naxçıvan Bölməsində tədqiqatlar 3 elmi istiqamətdə yerinə yetirilib
Bakı, 17 iyul, AZƏRTAC
2023-cü ilin birinci yarısında AMEA-nın Naxçıvan Bölməsində tədqiqatlar üç elmi istiqamətdə, üç problemi əhatə edən, üç mövzuya daxil olan 17 iş 35 mərhələ üzrə yerinə yetirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Naxçıvan Bölməsi aparatının Elm və təhsil şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2023-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə edərkən söyləyib. O qeyd edib ki, elmi araşdırmalar bir akademik, üç professor, üç elmlər doktoru, on doqquz fəlsəfə doktoru, doqquz doktorant və dissertant tərəfindən aparılıb.
Məruzəçi diqqətə çatdırıb ki, 2023-cü ilin birinci yarısında AMEA-nın Naxçıvan Bölməsi Azərbaycan Respublikasının Prezidentinin və Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin, eləcə də AMEA-nın fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələri yerinə yetirməyə çalışıb.