Hesabına səhvən 10,5 milyon dollar yatırılan qadının məhkəmə prosesi davam edir
Bakı, 11 avqust, AZƏRTAC
Avstraliyadakı kripto pul şirkəti "crypto.com"dan təsadüfən hesabına təqribən 10,5 milyon dollar yatıran və pulun bir hissəsini xərcləyən Manivel Thevamanoqari məhkəmə qarşısına çıxarılıb.
AZƏRTAC “The Age” qəzetinə istinadla xəbər verir ki, 209 gündür istintaq təcridxanasında saxlanılan Manivel “haqsız yerə qazanılan gəliri rahatlıqla xərcləmək” ittihamlarını qəbul edib.
Avstraliyada yaşayan malayziyalı qadının kripto pul şirkəti ilə müqavilə bağladığı və 8 milyon dollardan çox pulu şirkətə qaytardığı açıqlanıb.
Məhkəmənin səhvən yatırılan pulu fərqli bank hesablarına köçürərək Malayziyaya qaçmağa çalışan Manivellə bağlı hökmünü sentyabrda verəcəyi gözlənilir.
Xatırladaq ki, Manivel 2021-ci ildə bank hesabından 100 dolların başqasına məxsus kripto hesabına yatırıldığını anlayıb və pulu geri almaq üçün kripto pul şirkətinə müraciət edib. Pulu geri qaytarmağa çalışan şirkətin əməkdaşının səhvən 100 dollar əvəzinə 10 milyon 474 min dollar yatırdığını görən Manivel pulu başqa bank hesablarına köçürüb və xərcləməyə başlayıb.
Şirkət hadisədən təxminən 6 ay sonra səhvini anlayıb və pulun yatırıldığı bankla əlaqə saxlayaraq Manivelə mane olmağa çalışıb.
Manivel Thevamanoqari yanvar ayında Malayziyadakı bank hesabına təxminən 2 milyon dollar köçürüb və bir neçə həftə sonra Melburn hava limanından qaçmaq istəyərkən polis tərəfindən saxlanılıb.