Həsən Həsənov: Azərbaycanlılar və macarlar qardaş xalqlardır
Budapeşt, 15 oktyabr, AZƏRTAC
Budapeştdə keçirilən “Türk dövlətləri və müstəqilliyin və əməkdaşlığın 30-cu ildönümü: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı beynəlxalq konfransda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Ağsaqqallar Birliyinin üzvü Həsən Həsənov Türkiyənin Azərbaycanın taleyindəki tarixi rolundan danışıb.
AZƏRTAC xəbər verir ki, 1918-ci ildə türk xalqının ölkəmizə köməyindən bəhs edən H.Həsənov Türkiyənin 1991-ci ildə də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu vurğulayıb.
Həmçinin bildirib ki, 44 günlük müharibə zamanı türk xalqı azərbaycanlıların yanında olub. Türkiyənin qardaş dəstəyi Azərbaycanda hər an hiss olunurdu. İşğal olunmuş torpaqların azad edilməsində türk hərbi sənayesinin texnoloji yardımının rolu da əvəzsiz idi.
"Azərbaycanın məqsədi düşmənçiliyə son qoymaq, Ermənistanla münasibətləri normallaşdırmaqdır. Təəssüf ki, dünyada buna mane olan qüvvələr var. Məsələn, biz münaqişənin həll edildiyini deyirik, lakin Ermənistanın havadarları bildirirlər ki, yox, bu, belə deyil. Bu, nə deməkdir? Bu, qisas üçün çağırış deməkdir. Biz deyirik ki, gəlin, sülh müqaviləsi bağlayaq, amma Ermənistanın havadarları bəyan edirlər ki, əvvəlcə mövcud olmayan “Dağlıq Qarabağ”a status verin. Bu, Azərbaycan tərəfindən ərazisinin bir hissəsini Ermənistana hədiyyə vermək deməkdir. Biz deyirik ki, gəlin, sərhədləri delimitasiya edək, lakin Ermənistan və onun himayədarları bəyəndikləri və xəyal etdikləri sərhədləri sərhəd olaraq qəbul edirlər. Ərazilərimizə təxribatçılar göndərirlər. Hələ sonradan mina sahələrinin xəritələrini verməkdən imtina edərək onların azad olunmasını istəyirlər”, - deyə Türk Şurası Ağsaqqallar Birliyinin üzvü vurğulayıb.
Sonda o bildirib ki, Azərbaycan və macar xalqları qardaş xalqlardır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt