Həsən Zeynalov: Ermənistanın işğalçılıq siyasətinin davam etməsində ikili standartların böyük rolu var
İstanbul, 20 aprel, AZƏRTAC
Türkiyənin “Yeni çağ” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun müsahibəsini dərc edib. Müsahibədə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixinə və bu gününə nəzər salınır, Ermənistanın işğalçılıq siyasətinin davam etməsində dünyadakı ikili standartların rolu diqqətə çatdırılır. Ermənilərin uzun zaman kəsiyində Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərdən danışan diplomat deyib ki, Avropa Parlamentinin uydurma “erməni soyqırımı” barədə qətnaməsi bir daha nümayiş etdirdi ki, Avropa ölkələri üçün kimin haqlı olması yox, öz maraq və mənafelərinə çatmaq daha üstündür. Baş konsul deyib ki, Çanaqqala zəfəri 1915-ci il hadisələrinin güzgüsüdür. O dövrün hadisələrini təhrif etməklə tarixi həqiqətə ləkə salmaq mümkün deyil.
Müsahibədə diplomat Prezident İlham Əliyevin Praqada Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabını xatırladıb. Baş konsul bildirib ki, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri keçmiş Sovet İttifaqı dövründə unutdurmağa çalışsalar da, ötən əsrin sonunda ermənilər imkan tapan kimi yenidən Azərbaycana qarşı düşmənçiliyə başladılar. Bunun nəticəsində də Xocalı soyqırımı törədildi.
Diplomat vurğulayıb ki, ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarının qarşısını almağın yeganə yolu Ermənistanın işğalçılıq siyasətinə son qoymaqdır.
Baş konsulun müsahibəsi Türkiyənin digər kütləvi informasiya vasitələrində də yayılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul