COP29
Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür
Bakı, 14 noyabr, AZƏRTAC,
Orta Dəhliz Azərbaycan da daxil olmaqla 11 ölkəni və 11 min kilometr məsafəni əhatə edir. Bu məsafədə ətraf mühiti qorumağa və ona qayğı göstərməyə çalışırıq. Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti çox böyükdür. Azərbaycan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin okeanlara və dənizlərə çıxışı olacaq və bu da dünya ticarətinə və əmtəə bazarlarına çıxış deməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində COP29 çərçivəsində Orta Dəhlizin Yaşıl Transformasiyasına dair Əməkdaşlıq Bəyannaməsinin imzalanma mərasimində iştirak edən Orta Dəhliz “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” beynəlxalq təşkilatının (TİTR) baş katibi Heydər Abdikərimov deyib.
O bildirib ki, bu gün qarşıda duran əsas məqamlardan biri dəhlizi qorumaq və onu yaşıllaşdırmaq istəyidir: “Ölkələrimiz bu istiqamətdə çox böyük sərmayə qoyur və işləyir. İmzaladığımız Əməkdaşlıq Bəyannaməsi ətraf mühitin yaxşılaşdırılmasına və qorunmasına daha dərindən yanaşmaya kömək edəcək. Hamımız Xəzərin problemlərini bilirik. İqlim dəyişikliyi Xəzər dənizinə də təsir edir və bu təsirlərin azaldılması istiqamətində çoxlu işlər görürük, təbiətimizə, flora və faunamıza maksimum qayğı ilə yanaşırıq.
Beynəlxalq səviyyədə böyük əhəmiyyət daşıyan Orta Dəhliz bu gün yeni səviyyəyə çatıb. Orta Dəhliz boyu yaşıl limanlar, yaşıl dəmir yolları var və proseslərimizi optimallaşdırmaqla yanacağa qənaət olunur. Yanacağa qənaət atmosferə və ətraf mühitə tullantıların azalması deməkdir. Bu, gələcəkdə birgə yaşamağımızın əsas məqamlarından biridir”.