HEYDƏR ƏLİYEV SİYASİ FENOMENİNƏ HƏSROLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Prezident Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ombudsman təsisatının yaradılmasından, onun quruma olan diqqətindən söz açmışdır. O qeyd etmişdir ki, ümummilli liderimiz Konstitusiyaya və qanunlarımıza uyğun, dövlətçiliyimizin möhkəmləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması naminə əvəzsiz xidmət göstərmişdir.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli dahi şəxsiyyət Heydər Əliyevin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsində, xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında misilsiz xidmətlərindən danışmış, ombudsman təsisatının yaradılmasını ümummilli liderimizin uzaqgörənliyinin və müdrikliyinin nəticəsi kimi qiymətləndirmişdir.
Yığıncaqda Milli Məclisin deputatları Aydın Mirzəzadə, Yaqub Mahmudov, Məlahət Həsənova və digərləri zəmanəmizin görkəmli siyasətçisi, xalqımızın böyük oğlu, əbədi Prezidentimiz Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində gördüyü əzəmətli işlərdən danışmışlar. Natiqlər Heydər Əliyevin xatirəsinin daim əziz tutulacağını, onun zəngin təcrübəsi və siyasi irsinin bundan sonra da öyrəniləcəyini bildirmişlər.