Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanda vətəndaş sülhünə nail oldu
Astana, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyi L.Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetində, Heydər Əliyev adına Mərkəzdə Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi keçirib.
Səfir Zakir Həşimov mərasimdə çıxış edərək Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş sülhünə nail olduğunu, ölkədə vətəndaş qarşıdurmasını aradan qaldırmaq istiqamətində mühüm işlər gördüyünü, dövlət çevrilişi cəhdlərinin qarşısını aldığını, əmin-amanlığa yol açdığını söyləyib. O deyib ki, Ulu Öndər hər zaman Azərbaycanın tərəqqisi üçün çalışıb. Ümummilli Lider müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən edib, öz zəmanəsini qabaqlayaraq, Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərmişdi. O, Azərbaycanı mühüm strateji meydan və dünya dövlətləri birliyinin layiqli iqtisadi tərəfdaşı kimi görürdü. Hələ sovet dövründə yüzlərlə istedadlı gənc o vaxtkı SSRİ-nin ən qabaqcıl tədris müəssisələrinə təhsil almağa və təcrübə keçməyə göndərilirdi ki, respublikaya qayıdandan sonra əldə etdikləri bilikləri Vətənimizin inkişafı naminə tətbiq etsinlər.
Tədbirdə çıxış edən Qazaxıstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov, akademik Kazbek Kazkenov, universitetin professoru Gülnara Abitova və başqaları Heydər Əliyevin yüksək intellekti, fenomenal yaddaşı, natiqlik istedadı, mənəvi zənginliyi və praqmatizmi ilə hər zaman fərqləndiyini söyləyiblər. Bildirdilər ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Heydər Əliyev təkcə Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində də sözünün keçəri olan lider idi.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərin slayd nümayişi olub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana