“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçiriləcək
Bakı, 25 aprel, AZƏRTAC
İyunun 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, konfrans “Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və “Kitabi- Dədə Qorqud” abidəsinin öyrənişində yeni mərhələ” və “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edəcək. Məqalələr mayın 22-dək qəbul olunur.
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Məqalənin tərtib olunma qaydaları və konfrans haqqında ətraflı məlumat Ədəbiyyat Muzeyinin saytında yerləşdirilib.