“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Hesablama Palatasında “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyası Səbail rayon “Dövlət Auditi” ərazi partiya təşkilatının sədri Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının veteran üzvü Rizvan Vahabov iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Palatanın foyesində ucaldılan büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbiri açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü ilin Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə "Heydər Əliyev İli" elan edildiyini vurğulayaraq, Ulu Öndərin mənalı ömür yolundan, dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb.
Çıxış edənlər Ümummilli Liderin hakimiyyətə qayıdışından sonrakı dövrdə ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafdan, həmçinin fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü işlərdən bəhs ediblər.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının bir qrup fəalı fəxri fərmanla təltif edilib.