HEYDƏR ƏLİYEVİN ADI DAŞKƏNDDƏ DƏ ƏBƏDİLƏŞDİRİLƏCƏKDİR
Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov AZƏRTAC-ın xüsusi müxbirinə demişdir:
- Daşkənddə soydaşlarımızın yığcam məskunlaşdığı Tezikovka yaşayış sahəsində Azərbaycan mədəniyyət mərkəzi üçün bina və məscid tikilmişdir. Məscid ötən ilin sonlarında istifadəyə verilmişdir. Burada artıq Ramazan ayı münasibətilə iftar məclisi və Heydər Əliyevin vəfatının yeddinci günü ilə bağlı mərasim keçirilmişdir.
Mədəniyyət mərkəzində Azərbaycan məktəbi də istifadəyə verilmişdir və həftədə üç dəfə keçirilən məşğələlərdə balalarımız xalqımızın ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixini öyrənirlər. Mədəniyyət mərkəzində kompüter otağı fəaliyyət göstərir. Soydaşlarımız burada peyk antenası vasitəsilə Azərbaycan televiziyasının kanalı ilə yayımlanan verilişləri izləyirlər. Burada rəqs və təsviri sənət dərnəkləri fəaliyyət göstərir. Mərkəzdə “Heydər Əliyev” muzeyinin yaradılması da nəzərdə tutulur. Bu muzeydə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə dair sənədlər, video və foto materiallar nümayiş etdiriləcəkdir.
Aydın Əzimbəyovun sözlərinə görə, hələlik Azərbaycan mədəniyyət mərkəzi adlanan bu binanın adı da dəyişdirilərək “Heydər Əliyev adına Azərbaycan evi” olacaq və binanın qarşısında Heydər Əliyevin büstü qoyulacaq. Binanın yerləşdiyi Kiçik Beşağac küçəsi də Heydər Əliyevin adını daşıyacaqdır. Bu haqda razılıq alınmışdır.