Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı Silahlı Qüvvələrdə keyfiyyətli dəyişikliklərə yol açıb
Bakı, 13 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışına qədər Azərbaycanda iqtidarda olan qüvvələr məsuliyyətsiz davranaraq Milli Ordu yarada bilməyiblər. Nəticədə Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşüb, on minlərlə insan həlak olub. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra vəziyyət əsaslı şəkildə dəyişib, ordu quruculuğu sahəsində tədbirlərə güclü təkan verilib, döyüş qabiliyyətli ordu yaratmaq üçün lazımi şərait yaradılıb.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində polkovnik-leytenant Elşad Əbdürrəhimzadə səsləndirib. O bildirib ki, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı və cəbhə xəttində atəşkəsin əldə olunması Silahlı Qüvvələrdə islahatlar aparılmasına imkan verib. E.Əbdürrəhimzadə bildirib: “Silahlı Qüvvələrin tərkibində struktur dəyişiklikləri hərbi əməliyyatların vahid rəhbərlik tərəfindən planlaşdırılmasına, hərbi hissələrin hərb elminin tələblərinə uyğun idarə olunmasına, son nəticədə Silahlı Qüvvələrdə keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb. Ümummilli Liderin respublika Silahlı Qüvvələrinə diqqət və qayğısı sayəsində ordunun maddi-texniki təchizatı keyfiyyətcə yaxşılaşıb, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınıb”.