Hidrometeorologiyanın avtomatlaşdırılması səviyyəsi 100 faizə çatdırılıb
Bakı, 30 iyun, AZƏRTAC
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri müntəzəm olaraq davam etdirilir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadla xəbər verir ki, təkcə ötən il otuz ən müasir avtomat meteoroloji stansiya quraşdırılıb və onların sayı 68-ə çatdırılıb. Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi istifadəyə verilib, bununla da hidrometeorologiyanın avtomatlaşdırılma səviyyəsi 100 faizə qaldırılıb.
Cari ilin yanvarından etibarən hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunub, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılıb.