Hindistandan idxal olunan bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində “HB CO LTD” MMC-nin Hindistandan idxal etdiyi 4934 ədəd “Glukamin” və 2982 ədəd “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülərək müayinələrə cəlb olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticəsində “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, “Glukamin” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkar müraciəti əsasında məhsul partiyası məhv edilib.