Hulusi Kılıç: USAID rəhbərinin İrəvanda verdiyi bəyanat Cənubi Qafqazda sülhə xidmət etmir
Ankara, 15 iyul, AZƏRTAC
Onilliklər ərzində davam edən erməni işğalı zamanı Azərbaycan xalqının məruz qaldığı faciələri və dağıntıları görmək və onları öz bəyanatında nəzərə almaq üçün insanda zərrə qədər də olsa, ədalət və humanizm hissləri olmalıdır.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qardaş ölkədəki nümayəndəsi Hulusi Kılıç ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerin bu günlərdə İrəvanda verdiyi bəyanatı şərh edərkən deyib.
Diplomat qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri vəhşilikləri bilə-bilə belə bəyanatların verilməsi anlaşılmazdır.
Kılıç vurğulayıb ki, uzun illər Azərbaycanda öz ölkəsini təmsil edən bir diplomat kimi, proseslərin təhlilində yetərli təcrübəyə malikdir. O əlavə edib: “Samanta Pauer Azərbaycanın Qarabağ bölgəsində reallıqları bilərəkdən təhrif edir. Onun heç bir əsası olmayan iddiaları dünya ictimaiyyətini çaşdırmaq və Azərbaycana təzyiq göstərmək məqsədi daşıyır”.
Kılıçın sözlərinə görə, USAID-in rəhbəri Cənubi Qafqazda sabitliyi pozmağa və sülh prosesinə zərbə vurmağa çalışır.
Keçmiş səfirin əminliklə dediyinə görə, Pauer yaxşı bilir ki, 2023-cü ilin sentyabrında etnik ermənilər Qarabağı könüllü tərk ediblər və onlara qarşı heç bir təzyiq və təhdid olmayıb.
“Bütün dünya ermənilərin Ermənistana hansı şəraitdə getdiyinin şahidi oldu. Üstəlik, Azərbaycan polisi arzu edənlərə su və yemək təklif edib, kameraya düşənlərin bəziləri isə canlı yayımda Azərbaycanı könüllü tərk etmək istədikləri barədə danışıblar”, -deyə ekspert xatırladıb.
Kılıç diqqəti ötən ilin payızında Azərbaycanın Qarabağ bölgəsini tərk edənlərin böyük əksəriyyətinin Ermənistan vətəndaşlığına malik olduğuna çəkib. “Bakıda ermənilərə təklif etdilər ki, Azərbaycanda qalıb vətəndaşlıq alsınlar, amma onlar bunu istəmədilər. Azərbaycan daha nə etməli idi? Ədalət üçün xanım Pauerə müraciət edirəm; 1988-1993-cü illərdə azərbaycanlılarla necə rəftar edildiyini, onların öldürülməsi, doğma torpaqlarından zorla qovulması faktlarını xatırlayın. Həmin dövrdə USAID harada idi? Siz harada idiniz? Onlar azərbaycanlıları, türkləri, müsəlmanları öldürdükləri üçünmü susurdunuz?”, -deyə Türkiyənin keçmiş səfiri bildirib.
Kılıç qeyd edib ki, ermənilərin cinayətlərini öyrənmək üçün internetdə axtarış bölməsinə “Xocalı soyqırımı” ifadəsini daxil etmək kifayətdir.
Diplomat hazırda Azərbaycan həbsxanalarında olan və azərbaycanlılara qarşı cinayət törətməkdə şübhəli bilinən şəxslərə dəstək verən bəyanatların da yolverilməz olduğunu vurğulayıb: “Onların hamısı mütləq layiqli cəzalarını alacaqlar”.
Keçmiş səfir USAID rəhbərinə Qərbi Azərbaycan sakinlərinin tarixi hüquqlarına diqqət yetirməyi də tövsiyə edib. “Niyə İrəvanda Qərbi Azərbaycandan olan yüz minlərlə azərbaycanlının hüquqlarından danışmırsınız? XX əsrdə indiki Ermənistan ərazisində azərbaycanlıların tarixi torpaqlardan deportasiyasının dörd dalğası olub”, -deyə Kılıç bildirib.
O, Qərbdən olan ayrı-ayrı şəxslərin yanlış mövqeyinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına xidmət etmədiyinə əminliyini ifadə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara