İbrahim Rəisi: Siyasətimizin prioriteti korrupsiyaya qarşı mübarizə olacaq
Tehran, 22 iyun AZƏRTAC
İranda keçirilən prezident seçkilərindən qalib gələn İbrahim Rəisi ilk mətbuat konfransını keçirib. Mətbuat konfransı zamanı İran Prezidenti daxili və xarici siyasət barədə bəzi fikirlərini ictimaiyyətə çatdırıb.
AZƏRTAC xəbər verir ki, ilk növbədə, ABŞ-la münasibətlərə toxunan İ.Rəisi sanksiyaların ləğvindən danışıb. Bildirib ki, əgər ABŞ sanksiyaları aradan qaldırıb üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, o zaman İran da öhdəliklərini yerinə yetirəcək. İranın raket proqramı heç bir dövlətlə müzakirəyə çıxarılmayacaq. Bu istiqamətdə işlər davam etdiriləcək.
Qeyd olunub ki, İran ilə Çin arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafı davam etdiriləcək, Səudiyyə Ərəbistanı ilə dialoq qurulmalıdır.
Yeni Prezident diqqətə çatdırıb: “Bizim siyasətimiz təkcə nüvə razılaşmasını müzakirə etməkdən deyil, ölkədə korrupsiya, rüşvətxorluq və yoxsulluq ilə mübarizə aparmaqdan, iş adamları üçün əlverişli şərait yaratmaqdan, ədaləti bərpa etməkdən ibarət olacaq”.
Qeyd olunub ki, yeniliyə mane olan bürokratik sistem aradan qaldırılacaq, administrasiyada islahatlar aparılacaq.
Xatırladaq ki, iyunun 18-də İranda keçirilən 13-cü prezident seçkilərində İ.Rəisi səslərin çoxunu qazanaraq rezident seçilib. Hazırkı Prezident Həsən Ruhaninin səlahiyyət müddəti isə avqustun 3-də başa çatacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran