CƏMİYYƏT
“İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” layihəsinin qalibləri elan edilib
![“İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” layihəsinin qalibləri elan edilib](/files/2023/2/1200x630/16889700721447744670_1200x630.jpg)
Bakı, 10 iyul, AZƏRTAC
Cari ilin kiçik qrant müsabiqəsində “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu üzrə 5 qeyri-hökumət təşkilatı (QHT) qalib olub. Qalib gələn QHT-lər “Pediatrik Kardiologiya və Revmatologiya”, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”, ““Optimist” Sosial Problemlərin Həllinə Yardım” və “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” ictimai birlikləridir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, layihələrin əsas fəaliyyət istiqaməti regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi üzrə işlərin aparılmasıdır. Müvafiq regionlarda aparılan maarifləndirmə tədbirləri çərçivəsində əhali icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, xidmətlər zərfi, dövlət və özəl tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə məlumatlandırılacaq.
Qeyd edilib ki, agentlik əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, uğurlu nəticələrin əldə edilməsi üçün hər bir ictimai birliklə əməkdaşlığa açıqdır.