ICESCO idmanın inklüziv cəmiyyətdə mühüm rolunu vurğulayıb
Bakı, 5 aprel, AZƏRTAC
Hər il aprelin 6-da dünya ictimaiyyəti İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününü qeyd edir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu əlamətdar gün münasibətilə beynəlxalq ictimaiyyətə və təşkilata üzv dövlətlərə müraciət edib.
Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə idmanın və fiziki fəaliyyətin sosial əlaqələrin möhkəmləndirilməsi, dayanıqlı inkişafa nail olunması və milli dəyərlərin möhkəmləndirilməsində, həmçinin bütün dünyada birgəyaşayış, sülh və insan hüquqlarının təmin edilməsində mühüm rolu qeyd olunub.
Müraciətdə deyilir: “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu fürsətdən istifadə edərək idmanın daha inklüziv və firavan cəmiyyətlərin qurulmasında mühüm rolunu vurğulayır və idmanın müsbət təsirini artırmaq üçün birgə səylərə və fəaliyyətə çağırır. Bu, qadınların, gənclərin və uşaqların bacarıqlarını inkişaf etdirməyə yönəlmiş innovativ təşəbbüsləri təşviq etməklə, fiziki və psixi sağlamlığın təmin edilməsinə, dinc və davamlı cəmiyyətlərdə rifahın əldə edilməsinə töhfə verir.
ICESCO idmana olan böyük marağının bir hissəsi olaraq, bununla bağlı sosial dəyişikliyə və inteqrasiyaya nail olmaq üçün əsas vasitə kimi bir neçə proqramın həyata keçirilməsinə başlayıb. Xüsusən, uşaqların futbol vasitəsilə reabilitasiyası proqramı və sosial marafon bu qəbildən olan layihələrdir. Təşkilat, həmçinin qadınların idmanda iştirakının təşviqinin vacibliyini vurğulayan Qadınlar İdmanda Forumunu təşkil edib.
Bundan əlavə, ICESCO “Sosial dəyişiklik üçün idman” təşəbbüsü ilə səyləri səfərbər etmək məqsədilə qadınların ixtisaslarının artırılmasına, qızların öz iş sahələrində lider olmağa təşviq edilməsinə, daha möhkəm cəmiyyətlərin qurulmasına və idman fəaliyyətləri vasitəsilə müsbət dəyişikliklərə nail olunmasına yönəlmiş praktiki proqram və layihələrin həyata keçirilməsinə çalışır. Təşkilat, həmçinin İdman Diplomatiyası Proqramını və İdmanda Beynəlxalq Gənc Könüllülər Proqramını həyata keçirməyi nəzərdə tutur”.