IDEA İctimai Birliyi ekologiya sahəsində təhsil alan gənclər üçün seminar keçirib
Bakı, 8 dekabr, AZƏRTAC
IDEA İctimai Birliyi “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər və perspektivlər” mövzusunda seminar təşkil edib.
IDEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçirilən seminarda ekologiya sahəsində təhsil alan və bu sahədə çalışan 30-a yaxın gənc iştirak edib.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mütəxəssisi seminarda iştirakçılara bərpa olunan enerji mənbələrindən alınan enerjinin iqtisadi və ekoloji cəhətlərdən əlverişliliyi ilə bağlı peşəkar yanaşma barədə məlumat verib. Həmçinin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində qabaqcıl ölkələrin təcrübəsi və ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən tədbirlərdən söhbət açılıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
IDEA İctimai Birliyi Dövlət İdarəçilik Akademiyasındakı Resurs Mərkəzində tərtib edilən illik proqrama uyğun olaraq, seminar və danışıq klubları təşkil edir və İctimai Birliyin facebook səhifəsində (https://www.facebook.com/ideacampaign.org) bu barədə əvvəlcədən elanlar yerləşdirilir.