İDMAN
“İdman.biz” saytının təqdimat mərasimi keçirilib



Bakı, 26 sentyabr, AZƏRTAC
Trend Beynəlxalq İnformasiya Agentliyinin layihəsi olan “idman.biz” saytının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Təqdimat zamanı sayt barəsində videoçarx nümayiş etdirilib, işçi heyəti qonaqlara təqdim olunub.
Bildirilib ki, “idman.biz” saytında bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Unikal texniki imkanları, peşəkar mütəxəssisləri və komanda işi sayəsində xəbərlər eyni vaxtda hər üç dildə yayımlanacaq. Sayt oxuculara idman dünyasına dair ən son xəbərləri, yarışların nəticələrini və analitik məlumatları təqdim edəcək. “İdman.biz” saytında çıxan xəbərlər paralel olaraq feysbuk, instaqram, teleqram və digər sosial şəbəkə hesablarında paylaşılacaq.
Saytın multimedia bölümü də fəaliyyət göstərəcək. Ən müasir texniki avadanlıqlarla təchiz edilmiş studiyada idman ekspertləri, tanınmış idmançılar, digər yerli və xarici qonaqların iştirakı ilə videomüsahibələr, debatlar və canlı yayımlar təşkil ediləcək.