İƏT üzv ölkələrin media orqanlarını islamofobiya ilə mübarizəyə çağırıb
Bakı, 5 iyul, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi təşkilata üzv ölkələrin rəsmi və özəl media orqanlarını - informasiya agentlikləri, telekanallar, radio və sosial mediada çıxış edən jurnalistləri islamofobiya və dini rəmzlərin təhqir edilməsi ilə fəal mübarizə aparmağa çağırıb.
AZƏRTAC İƏT-in Baş katibliyinə istinadla xəbər verir ki, müraciətdə jurnalistlərə İslam dininin təbliğ etdiyi dəyərləri, o cümlədən dinc yanaşı yaşamaq, tolerantlıq, başqalarının hüquqlarına hörmət, zorakılığın və nifrət ritorikasının qarşısının alınması kimi prinsipləri daha geniş yaymaq tövsiyə edilib. Bununla bağlı onlayn rejimdə keçirilən İƏT Dövlətlərinin Yayım Birliyinin (OSBU) təcili iclasında çıxış edən təşkilatın İnformasiya departamentinin direktoru Vəcdi Əli Sindi Stokholmda müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in təhqir edilməsini qətiyyətlə pisləyib. O vurğulayıb ki, İƏT-in bu barbar hərəkətlə bağlı keçirdiyi fövqəladə iclasın yekun Bəyannaməsində yer alan 26 maddə medianın da bu sahədə fəaliyyətinin yol xəritəsini təşkil edir. Bu kontekstdə dünyanın bütün ölkələrində fəaliyyət göstərən media orqanları dini rəmzlərin təhqir edilməsi və müsəlmanlara qarşı nifrətin körüklənməsi əleyhinə mübarizəyə qoşulmalıdır.
İslada qeyd olunub ki, İƏT-ə üzv ölkələrin parlamentləri, vətəndaş cəmiyyəti və media islamofobiya və dini rəmzlərin təhqir edilməsinə qarşı qanunverici aktların qəbul edilməsi üzrə birgə iş aparmalıdır. Eyni zamanda, təşkilatın İnformasiya və Mədəniyyət Daimi Komitəsi (COMIAC), İƏT Dövlətlərinin Yayım Birliyi və təşkilata üzv ölkələrin Xəbər Agentlikləri Birliyinə (UNA) tövsiyə edilib ki, üzv ölkələrin rəsmi media qurumları ilə birlikdə islamofobiya ilə mübarizə üzrə ortaq strategiya işləyib hazırlasınlar.