İĞTİŞAŞLARLA BAĞLI HƏBS OLUNANLAR OMBUDSMANIN DİQQƏT MƏRKƏZİNDƏDİR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova ötən müddət ərzində istintaq təcridxanalarında saxlanılan iğtişaşçıların ailə üzvlərini qəbul etmişdir. Bir neçə dəfə Bayıldakı 1 saylı təcridxanaya gedərək saxlanılan şəxslərlə görüşmüş, onların şəraiti, sağlamlığı, qidalanması, sanitariya-gigiyena vəziyyəti, həbs müddəti ərzində onlara göstərilən münasibətlə maraqlanmış, xahişlərini səlahiyyətli orqanlara çatdırmışdır. Həmin şəxslər istintaq zamanı, habelə təcridxanada saxlanıldıqları müddət ərzində onlara qarşı işgəncələrə, qeyri-insani hərəkətlərə və hüquqlarının pozulmasına yol verilmədiyini, ilk gündən vəkillə təmin edildiklərini söyləmişlər.
Bu yaxınlarda istintaq təcridxanasında saxlanılanlarla ombudsmanın növbəti görüşü zamanı həmin şəxslər istintaqın gecikdirilməsindən narahat olduqlarını bildirmişlər.
E. Süleymanova bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralova müraciət edərək başlanılmış cinayət işləri üzrə aparılan istintaqın qısa müddətdə başa çatdırılmasını, günahsız şəxslərin azadlığa buraxılmasını tövsiyə etmişdir.
Həmin müraciətdən sonra Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə təsdiqləndirilən şəxslərdən on nəfəri, o cümlədən ombudsmanın Baş prokurora müraciətində adları qeyd olunanlar barəsindəki həbs qəti imkan tədbiri dəyişdirilmiş, onlar azadlığa buraxılmışlar.