II ÜMUMRESPUBLİKA ƏLİYEVŞÜNASLIQ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış alim və pedaqoqların iştirak etdikləri tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səlahəddin Xəlilov ölkəmizdə siyasətşünaslığın yaranmasında, milli ideologiyanın formalaşmasında və inkişafında xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərindən geniş söhbət açmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli və zəngin siyasi irsindən, ideyalarından danışan natiq bu irsin, ideyaların dərindən öyrənilməsinin, tədqiq və təbliğinin zəruriliyini bildirmiş, ulu öndərimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Sonra Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərovun “Heydər Əliyevin fəlsəfəsi”, Milli Məclisin deputatları Əli Əlirzayevin və Şaitdin Əliyevin “Heydər Əliyevin iqtisadi baxışları transformasiya və inkişafın metodoloji əsasıdır”, “Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmənin inkişafı” mövzularında məruzələri dinlənilmişdir.
Çıxış edənlər müstəqil dövlətimizin qorunub saxlanmasında və möhkəmlənməsində, onun dünyada özünəməxsus yer tutmasında xalqımızın müdrik rəhbərinin əvəzsiz xidmətlərindən, onun fəlsəfi baxışlarından, mükəmməl idarəçilik təcrübəsindən ətraflı danışmışlar. Natiqlər ümummilli liderimizin siyasi kursunun dünya siyasətçiləri tərəfindən də yüksək dəyərləndirildiyini diqqətə çatdırmışlar.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.