İlahiyyat İnstitutunun təşkil etdiyi yay məktəbi davam edir
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin “Biliklərarası inteqrasiya” mövzusunda birgə təşkil etdikləri yay məktəbi davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yay məktəbinin növbəti günündə Moskva Dövlət Psixologiya və Təhsil Universiteti Etnopsixologiya və polimədəni təhsilin psixoloji problemləri kafedrasının müdiri Olqa Pavlova (Rusiya) “İslam psixologiyası: keçmişdə və indi. Mövzuya giriş”; “İslam psixologiyasının mənbələri: Quran, hədislər və müsəlman alimlərinin yaradıcılıqları” və “İslam psixologiyasının bugünü: praktik aspektlər” mövzularında məruzələr edib.
O.Pavlova məruzəsində psixologiyanın mahiyyəti, İslam psixologiyasının əhəmiyyəti, meydanagəlmə dövrü, İslam psixologiyasının əsasını qoyan şəxslər və müasir dövrdəki vəziyyəti; “nəfs” anlayışı, “Quran” və hədislərdə “nəfs” məfhumu və “ruh” anlayışı; “Quran” və hədislərdə ruh və nəfsin müqayisəsi; “fitrət” kəlməsinin “Qurani-Kərim”də işlədilməsi kimi əhəmiyyətli mövzulardan bəhs edib.