İlaxır çərşənbədə paytaxtda hava əsasən yağmursuz olacaq
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycanda martın 16-na - İlaxır çərşənbədə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-10° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Martın 16-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində qar yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində duman olacağı, yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 10-15° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.