İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib
Bakı, 7 dekabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsinin dahi Azərbaycan şairinin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu vurğulayıblar. Qeyd olunub ki, tarixi-mədəni irsimizin incilərindən olan Nəsimi yaradıcılığı milli-mənəvi varlığımızın ayrılmaz hissəsi olmaqla yanaşı, gənclərimizin ömür yolunda mühüm örnəklərdən biridir.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən İmadəddin Nəsimi qəzəllərindən ibarət kompozisiyalar qonaqlara tərəfindən maraqla izlənilib. Dahi ustadın qəzəllərinə bəstələnən mahnılar ifa edilib, şeirlər səsləndirilib.