İMAMIN OĞURLANMASINDA TƏQSİRLƏNDİRİLƏN MKİ AGENTLƏRİ AXTARIŞDADIR
Bu günlərdə İtaliyanın ədliyyə naziri Klemente Mastella müvafiq əmr imzalamış və bununla da, Abu Ömərin oğurlanmasına dair işi aparan Milan prokurorluğu müstəntiqlərinin vəsatətini təmin etmişdir.
“Əl-Qaidə” ilə əlaqədə şübhəli bilinən Milan imamı İtaliya hakimiyyət orqanlarının rəsmi razılığı olmadan 2003-cü il fevralın 17-də tutulmuşdur. MKİ əməkdaşları onu ABŞ hərbi hava qüvvələrinin Avianodakı bazasına aparmış, oradan isə Almaniya ərazisi ilə Misirə göndərmişlər. Sabiq imam indiyədək Misirdə həbsxanadadır. Dediyinə görə, ona işgəncə verilmişdir.
MKİ-nin bu işdə əli olan 26 əməkdaşının ekstradisiyası barədə sorğu İtaliya Baş Prokurorluğuna hələ iyulda göndərilmişdi. Bu, ABŞ kəşfiyyatının agentlərinə qarşı ölkənin hüdudlarından kənarda cinayət işi qaldırıldığı ilk hadisədir. Agentlər təhvil verilərsə, onların hərəsinə 10 ilədək müddətə həbs cəzası kəsilə bilər.
Lakin “Novosti”nin nüfuzlu Amerika mənbələrindən aldığlı məlumata görə, onların ekstradisiyası az ağlabatandır.
İtaliyanın özündə isə SİSMİ hərbi kəşfiyyat rəhbərlərinin imam Abu Ömərin oğurlanmasında iştirakının təhqiqi davam edir. SİSMİ-nin başçısı general Nikolo Pollari xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət komissiyasında dörd saat dindirilmiş və bu orqanların həmin əməliyyatda əli olduğunu qəti şəkildə inkar etmişdir.
Abu Ömərin işinə dair bütün ifadələr məxfi saxlanılır, çünki bu iş dövlət sirri elan olunmuşdur.