İmişli rayonunda qazlaşma səviyyəsi 94 faizi ötüb
Bakı, 22 iyun, AZƏRTAC
“Azəriqaz” İB bütün ölkə üzrə qəsəbələrin, kəndlərin, yeni yaşayış massivlərinin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini planlı şəkildə sürətlə davam etdirir. Görülən işlər çərçivəsində daha bir kəndin qazlaşdırılması işləri yekunlaşıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən 222 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 177 metr olan müxtəlif diametrli polad və uzunluğu 2146 metr olan polietilen borular vasitəsilə daşıyıcı, paylayıcı qaz xətləri çəkilib. Bütün dünyada hökm sürən koronavirus pandemiyası şərtləri gözlənilməklə yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin və İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd edək ki, kənddə təbii qaz açılışına ilk olaraq Vətən müharibəsinin şəhidi Asim Rasim oğlu Abbasovun ailəsinin yaşadığı fərdi yaşayış evindən başlanılıb. Beləliklə, bu açılışdan sonra İmişli rayonunda qazlaşma səviyyəsi 94,4 faiz təşkil edəcək.