İmzalanan sənədlər Azərbaycan-Koreya Respublikası əlaqələrinin möhkəmlənməsinə xidmət edir
Bakı, 16 dekabr, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında indiyədək 54 sənəd imzalanıb, hazırda isə 7 sənəd üzərində birgə iş aparılır. Bu sənədlər ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 16-da Milli Məclisdə Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri ilə görüşündə məlumat verilib.
İşçi qrupunun rəhbəri Malik Həsənov ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişafının önəmini qeyd edib. O, Azərbaycan Respublikası Milli Məclisi nümayəndə heyətinin bu ilin aprelində Koreya Respublikasına səfərinin qarşılıqlı əlaqələrin, o cümlədən parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən ən güclü dövlət olduğunu deyən M.Həsənov Koreya Respublikası ilə iqtisadi, o cümlədən digər sahələrdə əlaqələrin genişləndiyini söyləyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ağır nəticələri, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı barədə də qonaqlara ətraflı məlumat verib. Koreya Respublikasının beynəlxalq qurumlarda bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin vacibliyi vurğulanıb.
Milli Məclisin deputatları, işçi qrupunun üzvləri Fəttah Heydərov və Sədaqət Vəliyeva parlamentlərarası dostluq qrupunun işini yüksək qiymətləndirib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Koreya Respublikası Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hvanq Younq Çeul keçirilən görüşlərin və aparılan müzakirələrin Koreya şirkətlərinin Azərbaycana marağını daha da artırdığını deyib.
Dostluq qrupunun sədr müavini Honq Ci Man isə iki ölkə arasındakı əlaqələrin enerji sektorunu əhatə etməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.