İnam Kərimov: Müstəqil və səmərəli məhkəmə sistemi ölkədə sahibkarlıq fəaliyyətini stimullaşdırır
Bakı, 14 iyul, AZƏRTAC
Bazar iqtisadiyyatında dayanıqlı inkişaf üçün davamlı investisiya yatırımları tələb olunur. Sahibkarlar isə siyasi stabil və sərmayələrinin yüksək səviyyədə qorunduğu ölkələrə yatırımlar edirlər. İnvestisiyanın qorunmasında isə ölkədə müstəqil və ədalətli məhkəmə sistemi tələb olunur. Dünyada olan təcrübə göstərir ki, müstəqil və qərəzsiz məhkəmə sistemi, həmçinin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafında və böyük bizneslərin formalaşmasında önəmli rola malikdir. Belə ki, müstəqil və səmərəli məhkəmə sistemi ölkəyə həm daxildən, həm də xaricdən investisiyalar cəlb edilməsinə zəmin yaradır və ölkədə sahibkarlıq fəaliyyətini stimullaşdırır. Məhz bu səbəbdən də Azərbaycanda məhkəmə islahatları daim dövlətin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə deyib.
İnam Kərimov xatırladıb ki, ölkəmizdə məhkəmə-hüquq sistemində sonuncu böyük həcmli islahatlar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının qəbulu ilə başlayıb. Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərməkdədir.
“İslahatlar çərçivəsində 2020-ci il 1 yanvar tarixindən əvvəlki inzibati-iqtisadi məhkəmələr sistemi ləğv edildi və əvəzində Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki və Naxçıvan şəhərlərində ixtisaslaşmış məhkəmələr - inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradıldı.
Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrinə baxırlar. Bu dəyişikliklə ixtisaslaşmanın artırılmasına şərait yaradıldı, məhkəmə quruluşu optimallaşdırıldı və məhkəmələrdə iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edildi”, - deyə Ali Məhkəmənin sədri vurğulayıb.