SİYASƏT
İndoneziya İƏT Gənclər Təşkilatı ölkə rəhbərliyini Ermənistanın Azərbaycana hücumunu qınamağa çağırıb
Cakarta, 16 oktyabr, AZƏRTAC
İndoneziya İslam Əməkdaşlıq Təşkilatının Gənclər Təşkilatı (İİƏT GT) ölkə rəhbərliyini Ermənistanın Azərbaycana hücumunu kəskin şəkildə şiddətlə qınamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın sədri Şafi Əfəndi oktyabrın 16-da Azərbaycanın İndoneziyadakı səfirliyində təşkil olunan görüş zamanı bildirib.
Görüşdə səfir Cəlal Mirzəyev Azərbaycan-Ermənistan münaqişəsi və cəbhə bölgəsindəki məlum proseslər barədə iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, oktyabrın 16-da İİƏT GT-nin idarə heyəti cari il sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında baş verən müharibədən dərin narahatlıq ifadə edən rəsmi bəyanat yayıb.
Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycana, xüsusən də münaqişə zonasından kənarda yaşayan dinc əhaliyə qarşı hücumları şiddətlə qınanıb. Ermənistanın münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni və Mingəçeviri raket atəşinə tutulması kəskin şəkildə pislənilib.
Həmçinin sənəddə Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da əldə olunan humanitar atəşkəsin məhz Ermənistan tərəfindən pozulduğu qeyd edilib. Ermənistan ordusunun Gəncə şəhərinin dinc əhalisinə qarşı hücumunun təşkilat üzvlərini dərindən təəssüfləndirdiyi və onların narahatlıq hissi keçirdikləri bildirilib. Habelə oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində 4 dinc sakinin qətlə yetirildiyi və daha 4 nəfərin yaralandığı da bəyanatda qeyd olunub. İİƏT GT-nin İndoneziya rəhbərliyini Ermənistanın hücumlarını şiddətlə qınamağa çağırıldığı vurğulanıb. O cümlədən münaqişənin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə tərəfdar olduqları bildirilib. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub.
BMT-nin qeyri-daimi üzvü olan İndoneziya hökumətinin Ermənistanı təcavüzünü dayandırmağa və müvafiq beynəlxalq Konvensiyaya uyğun olaraq, öz muzdlu döyüşçülərini Azərbaycanın işğal altındakı torpaqlarından geri çəkməyə çağırması təklif edilib.
Bəyanatın sonunda İƏT GT İndoneziya gənclərini davam edən münaqişəni yaxından izləməyə, sosial mediada anlaşılmaz və yanlış məlumatların yayılmasının qarşısının alınması istiqamətində daha fəal olmağa çağırıb.
Görüşdə İndoneziyanın İƏT Gənclər Təşkilatı tərəfindən ingilis, İndoneziya və Azərbaycan dillərində hazırlanmış #İndonesiaStandsWithAzerbaijan, #İndonesiaBersamaAzerbaijan, #IndoneziyaAzərbaycanınyanındadır həştəqləri çərçivəyə salınmış şəkildə Azərbaycanın İndoneziyadakı səfirliyinə təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta