İndoneziya zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xarici yardımları qəbul edəcək
Tokio, 1 oktyabr, AZƏRTAC
İndoneziya Mərkəzi Sulavesiya əyalətində baş vermiş zəlzələ və sunaminin nəticələrini aradan qaldırmaq üçün xarici yardımı qəbul etməyə açıqdı.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti İnvestisiyaları Əlaqələndirmə Şurasının rəhbəri Tomas Lembonqa istinadla məlumat yayıb.
Onun sözlərini sitat gətirən qəzet yazır: “İndoneziya Prezidenti Coko Vidodo yardımları qəbul etmək barədə göstəriş verib”.
Dünyanın bir çox ölkəsi Sulavesi adasına xilasedicilər göndərmək, həmçinin maliyyə və humanitar yardım göstərmək təklifi ilə çıxış edib.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə zəlzələ baş verib və sonrakı sutkalarda 170-dək afterşok qeydə alınıb. Güclü yeraltı təkanlar nəticəsində 3-5 metr hündürlüyündə sunami əmələ gəlib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1200-dən çox insan həlak olub, yüzlərlə xəsarət alan var. Bundan əlavə, 16 min sakin yaşayış yerlərini tərk etməyə məcbur olub, minlərlə ev, otel, ticarət mərkəzi dağılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio