İndoneziyada Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub
Cakarta, 10 noyabr, AZƏRTAC
İndoneziyada təhsil alan azərbaycanlı tələbələr 9 noyabr - Dövlət Bayraq Gününü Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Sonra Ermənistan-Azərbaycan münaqişəsi və son günlər baş verən döyüşlərlə bağlı haqlı mövqeyimizi dəstəkləyən, habelə Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə raket zərbələrini qınayan bəyanat oxunub. Tələbələr bəyanatı “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan əsgəri!”, “Yaşasın Azərbaycan!” və “Qarabağ Azərbaycandır!" şüarları ilə yekunlaşdırıblar.
Həmin bəyanat azərbaycanlı tələbələrin təşəbbüsü və apardıqları fəal iş nəticəsində İndoneziyanın müxtəlif universitetlərində təhsil alan yerli tələbələr tərəfindən dəstəklənərək imzalanıb.
Tədbirdə çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev iştirakçıları həm Dövlət Bayrağı Günü, həm də noyabrın 8-də Şuşa şəhərinin müzəffər Ordumuz tərəfindən erməni işğalından azad olunması münasibətilə səmimi qəlbdən təbrik edib.
Səfir şanlı Ordumuzun toraqlarımızın erməni işğalından azad edilməsi istiqamətində qazanılan nailiyyətlərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu hərbi-siyasi fəaliyyətin böyük rolunun olduğunu vurğulayıb. Bu bayram günündə müqəddəs bayrağımızın həm Şuşa səmalarında, həm də azad olunmuş digər torpaqlarımızda dalğalanmasına görə Ali Baş Komandana və Milli Ordumuza borclu olduğumuzu qeyd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta