DÜNYA
İndoneziyada COVID-19 virusundan ilk ölüm halı qeydə alınıb
Tokio, 11 mart, AZƏRTAC
İndoneziya rəsmi mənbələrinin bildirdiyinə görə, martın 11-də bu ölkədə COVID-19 virusundan ilk ölüm halı qeydə alınıb.
AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası üzrə baş direktoru Əhməd Yurianto məlumat verib. Vəfat edənin əcnəbi vətəndaş olduğu bildirilsə də, onun hansı ölkədən olduğu qeyd edilmir.
Baş direktorun sözlərini sitat gətirən qəzet yazır: “Xəstə əvvəldən onda mövcud olan digər xəstəliklər - diabet, hipertoniya, hipertireoz və uzun illər davam etmiş ciyər xəstəlikləri ilə bağlı çox ağır vəziyyətdə xəstəxanaya yerlədirilib”.
Yeni koronavirus onun immun sistemini zəiflətdiyinə görə, xəstənin vəziyyəti daha da ağırlaşıb və onu xilas etmək mümkün olmayıb.
Əlavə olaraq bildirək ki, son məlumatlara görə, İndoneziyada COVID-19 virusuna yoluxmuş 27 xəstə var. Onlardan ikisinin artıq müalicə edildiyi və tezliklə evlərinə buraxılacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio