İnformasiya agentlikləri: Süni intellekt böyük həcmdə feyk xəbərlər dalğası yarada bilər
Varşava, 16 iyun, AZƏRTAC
Polşanın PAP xəbər agentliyinin təşkilatçılığı ilə “Gələcəyin mediası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Avropanın aparıcı informasiya agentliklərinin rəhbərləri və nümayəndələri, o cümlədən AZƏRTAC-ın təmsilçisi də iştirak edib.
Tədbirdə əsasən dezinformasiya ilə mübarizə, media və media adı altında təbliğat vasitəsi kimi fəaliyyət göstərən informasiya mənbələrinin qarşısının alınması, süni intellektin informasiya yaradıcılığında müsbət və mənfi tərəfləri müzakirə edilib.
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin rəhbəri Klemens Piq feyk xəbərlərin yayılması baxımından süni intellektin də təsirinin ola biləcəyini bildirib. "Süni intellektdən istifadə edərək böyük həcmdə feyk xəbərlərin yayılması təhlükəsi var. Bu da bizim cəmiyyətlərə böyük təhdiddir”, - deyə o bildirib.
Onun sözlərinə görə, buna görə də xəbər agentlikləri birgə çalışaraq, süni intellekt sahəsində biliklərini bölüşərək feyk xəbərlərin qarşısını almağa çalışmalıdır.
Təbliğat və feyk xəbər dalğasının durmadan artdığını deyən PAP agentliyinin baş direktoru Voytsek Surmaç qeyd edib ki, bu kontekstdə xəbər agentlikləri etibarlı informasiya mənbəyi statusunu qoruyub saxlamalıdır. O, Rusiya-Ukrayna müharibəsi fonunda dezinformasiyaların dəfələrlə çoxaldığını və buna qarşı sərt mübarizə aparılmalı olduğunu vurğulayıb və Ukraynada baş verənlərlə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyini söyləyib.
Konfransda, həmçinin EANA-nın baş katibi Aleksandru Giboi, Bolqarıstanın BTA agentliyinin baş direktoru Kiril Valçev, Litvanın ELTA agentliyinin baş redaktoru Vitautas Bruveris, İtaliyanın ANSA agentliyinin rəqəmsal və beynəlxalq əlaqələr departamentinin direktoru Luici Silvestri, Ukraynanın Ukrinform agentliyinin beynəlxalq informasiya baş redaksiyasının baş redaktoru Nataliya Kostina və digərləri çıxış ediblər.