İnformasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemləri araşdırılır
Bakı, 8 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemləri araşdırılır. Bu istiqamətdə “Big Data” analitikası və “Data Mining” problemləri üzrə tədqiqatlar davam etdirilir.
Bu barədə AZƏRTAC-a institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova məlumat verib.
M.Hacırəhimova bu il “Big Data” mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri üzrə müvafiq sahədə mövcud vəziyyətin analiz olunduğunu və problemlərin müəyyənləşdirildiyini, hazırda elmi-tədqiqat və ali təhsil müəssisələri üzrə elmi potensialın monitorinqi üçün alqoritmin işlənildiyini söyləyib. O, Azərbaycan Respublikasında elmi-kadrlar analitik-informasiya sisteminin yaradıldığını və intellektual analiz üçün metodların işlənildiyini bildirib.
Şöbə müdiri “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi”, “İntellektual insan resurslarının miqrasiya məlumatları əsasında demoqrafik göstəricilərinin analizi üçün modelin işlənməsi”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” və s. kimi aktual mövzularda aparılmış tədqiqatlarda mühüm nəticələr əldə edildiyini diqqətə çatdırıb.