İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun fəaliyyəti bərpa olundu
AZƏRTAC xəbər verir ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək oktyabrın 22-də iclas keçirib.
İşçi qrupunun tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri daxildir.
İclasda dövlətin vətəndaş cəmiyyəti ilə açıq və səmərəli dialoq aparmaq üçün siyasi iradəsi qeyd edilərək işçi qrupunun bu dialoqa öz töhfəsini vermək əzmində olduğu vurğulanıb.
İşçi qrupunun üzvləri qrupun 2005-ci ildə imzalanmış Memorandumuna istinad edərək Azərbaycan cəmiyyətinin insan hüquqları ilə bağlı məsələləri belə dialoq yolu ilə səmərəli şəkildə həll etmək niyyətini təsdiqləyiblər.
Qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etməyə və bu məsələlərin həlli üçün hüquq müstəvisində zəruri tədbirlər görməyə, həmin məqsədlə müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər verməyə hazır olduqlarını bildiriblər.