İordaniya mediası Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb
Qahirə, 14 iyul, AZƏRTAC
İordaniyanın aparıcı kütləvi informasiya vasitələri – “Petra”, “Ammun” və “Nayrouz” xəbər agentlikləri, “Əl-Məmləkə” televiziya kanalı, eləcə də “Əl-Dustur” və “Jordan Daily”, “Jordannews”, “əl-Ray” nəşrləri Şuşada keçirilən Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı barədə materiallar yayımlayıblar.
AZƏRTAC xəbər verir ki, yazılarda Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, Azərbaycanın bir sıra məsələlər üzrə siyasi mövqeyi və İslam ölkələri ilə münasibətləri barədə fikirlərinə geniş yer verilib.
Qeyd olunub ki, forum çərçivəsində formalaşan müsbət mühit beynəlxalq iştirakçılar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
İordaniya mediası Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasət prioritetləri ilə bağlı Prezident İlham Əliyevin fikirlərini də diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın siyasəti əməkdaşlığın genişləndirilməsinə, regional məsələlərin həllinə və ölkənin maraqlarının beynəlxalq müstəvidə təşviqinə yönəlib.
Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat və əlaqələndirici infrastrukturunun inkişafı istiqamətində gördüyü işlər barədə fikirlərinə də yer verilib. Dövlət başçısının sözlərinə görə, son illərdə ölkənin geostrateji mövqeyinin əhəmiyyəti daha da artıb.
“Jordan Daily” nəşrində isə IV Şuşa Qlobal Media Forumunun əhəmiyyəti barədə Azərbaycan Prezidentinin fikirlərinə geniş yer verilib. Qeyd olunub ki, Forum media nümayəndələri arasında beynəlxalq dialoq platforması yaratmaqla yanaşı, iştirakçılara Azərbaycanın Qarabağ bölgəsində aparılan yenidənqurma işləri ilə yaxından tanış olmaq imkanı vermək məqsədilə təsis edilib.
Nəşrdə, həmçinin forumun gündəliyinə də toxunulub. Bildirilib ki, tədbirdə medianın sülhyaratma prosesində və ictimai rəyin formalaşdırılmasında rolu, münaqişədənsonrakı bərpa prosesinin işıqlandırılmasında jurnalistikanın məsuliyyəti, eləcə də cəmiyyətin dayanıqlığının gücləndirilməsində media diplomatiyası ilə media savadlılığı arasındakı əlaqə kimi strateji mövzular müzakirə olunur.
Qeyd edilib ki, iki gün davam edən Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsini təmsil edən 160-a yaxın jurnalist və media nümayəndəsi iştirak edib.