“İqlim dəyişikliyinin bitki örtüyünə təsiri” - Dendrologiya İnstitutunda seminar
Bakı, 19 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Azərbaycanda keçiriləcək COP29-a həsr olunan “İqlim dəyişikliyinin bitki örtüyünə təsiri” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Dendrologiya İnstitutunun direktoru dosent Minarə Həsənova iqlim dəyişikliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadə edilməsi, onların bərpası üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması istiqamətində görülən işlərdən danışıb.
Seminarda “Abşeronun landşaft dizaynının iqlim dəyişkənliyinə əsasən yaradılması”, “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” və s. mövzularda məruzələr dinlənilib. Qeyd olunub ki, temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Real mənzərə belədir ki, hər kəs bu qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş görür. Lakin Azərbaycan həmişə olduğu kimi, bu dəfə də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modelini yaradacaq. Azərbaycan modeli iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə faydalanmanı nəzərdə tutur. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan və bitki növlərinin nəslinin kəsilməsi təhlükəsini yaradıb. Ekosistemlərin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə gələcək nəsillərin yaşamaq üçün sabit bir mühitə sahib olmasını təmin etmək baxımından vacibdir.