İran Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlı deyil - Ekspert
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan-Ermənistan sərhədində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində atəşkəsin erməni hərbi birləşmələri tərəfindən pozulması iki ölkə arasında yenidən başlanan danışıqlar prosesinə neqativ təsir etmək məqsədi daşıyır. Baş verənlər əslində bizim üçün yeni deyil, Ermənistanın və yaxud bu ölkədəki bəlli dairələrin ənənəvi təxribat cəhdidir. Hər zaman olduğu kimi, bu dəfə də silahlı qüvvələrimiz törədilən təxribata layiqli cavabını verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli deyib.
Ekspert qeyd edib ki, son atəşkəs pozuntusunda maraqlı olan digər məqam həm də onunla bağlıdır ki, erməni hərbi birləşmələri təxribatlarını Avropa İttifaqının (Aİ) müşahidə missiyası fəaliyyətə başladıqdan sonra ediblər. Bu hal bir daha onu göstərir ki, ölkəmizin Aİ-nin müşahidə missiyasının regionda davamlı sülhə xidmət etməyəcəyi ilə bağlı mövqeyi doğrudur və reallığı əks etdirir. Ermənistan və bu ölkəni himayə edən dairələr düşünürlərsə ki, erməni silahlı qüvvələri Aİ-nin müşahidə missiyasının arxasında gizlənib ölkəmizə qarşı təxribatlarını davam etdirəcəklər, yanılırlar. Harada olmağından və kimlərin müşahidə etməsindən asılı olmayaraq, Azərbaycan Ordusu istənilən təxribata cavab verməyə, ərazi bütövlüyümüzü qorumağa qadirdir.
“Aİ-nin monitorinq qrupu ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, gələn avropalı müşahidəçilərin yarısı, daha dəqiq desən 50 nəfəri silahlıdır. Halbuki Avropa İttifaqı müşahidə missiyası göndərərkən onların tam silahsız olacağını bildirirdi. Aİ-nin bu davranışını qurumun regionda sülh quruculuğu ilə bağlı qeyri-səmimi mövqeyinin və daha uzağa gedən niyyətlərinin təzahürü kimi qiymətləndirmək olar”, - deyə Mətin Məmmədli vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin bölgəyə müşahidə missiyası göndərməsinə İranın susqunluğu isə bir daha bu dövlətin regionla bağlı riyakar siyasətinin növbəti nümunəsi hesab edilə bilər. Hər zaman regiondan kənar dövlətlərin bölgədə iştirakına qarşı çıxan rəsmi Tehran nədənsə bu dəfə “müdrikcəsinə” susur. Bu fakt bir daha İranın Cənubi Qafqazda davamlı sülhdə və Azərbaycanın mövqeyinin güclənməsində maraqlı olmadığını, əksinə ölkəmizə qarşı hətta düşmən hesab etdiyi güc mərkəzləri ilə də əməkdaşlığa hazır olduğunu sübut edir.