İDMAN
İRAN CÜDOÇUSU İSRAİLLİ İLƏ GÜLƏŞMƏKDƏN İMTİNA ETMİŞDİR
AZƏRTAC Afina Olimpiadasının rəsmi saytına istinadla xəbər verir ki, Oyunların açılış mərasimində İran nümayəndə heyətinin bayraqdarı, cüdo üzrə iki dəfə dünya çempionu Araş Mirismaili avqustun 13-də püşkatmanın nəticələri bildirildikdən sonra siyasi mülahizələrə görə cüdo turnirində iştirakdan imtina etmişdir.
66 kiloqramadək çəki dərəcəsində start görüşündə Mirismailinin rəqibi israilli Axud Vaks olmalı idi. Lakin bu cəkidə qalib adına əsas namizəd sayılan iranlı tatami üzərinə çıxmayacağını bildirmişdir. İran komandasının nümayəndələri demişlər ki, Mirismaili İsraillə münaqişədə olan Fələstinə rəğbət bəslədiyinə görə bu ölkənin cüdoçusu ilə görüşmək istəmir.
Bu, İran cüdoçularının israillilərlə güləşməkdən imtina etdikləri ilk hal deyildir. 2001-ci ilin dünya çempionatında Mahed Məlikməhəmmədi israilli Yoel Razvozovla, yenə həmin ildə Asiya çempionu Məsud Haçı Axundzadə Svi Şafranla ( israil) güləşməmişlər.